Tarix

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi

Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. Sovet hakimiyyəti dövründə 1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min kv.km ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bununla da bu ərazidə separatçılıq meyllərinin əsası qoyulmuşdur. Əslində isə problemin kökündə Qarabağa XVIII əsrdən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlaraına yiyələnmək iddası dayanır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdır. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün fəaliyyətə başladılar.

1987-89-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb.

20 fevral 1988-ci ildə DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər.

22 fevral 1988-ci ildə Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.

1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərar qəbul etmişdir.

10 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında” qərar qəbul etmişdir. Qərarda Ermənistan SSR ilə Dağlıq Qarabağın Azərbaycan SSR-in razılığı olmadan yenidən birləşdirilməsinin qeyri-qanuni olması bildirilmişdir.

30 avqust 1991-ci ildə Azərbaycanın Ali Soveti dövlət müstəqilliyinin bərpasını elan etdi. 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu.

26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi haqqında” Qanun qəbul etdi.

1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı.
1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilmişdir. Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi yaxud əsir düşməsi ilə nəticələnmiş, şəhər yerlə-yeksan edilmişdir.

1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edilmişdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər.
30 aprel 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul etdi.

29 iyul 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul etdi.

14 oktyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası ATƏM-in Minsk qrupunun nizama salmaya dair vaxt cədvəlinə uyğun olaraq, dərhal qarşılıqlı və zəruri addımlar atılmasını, o cümlədən ən son işğal edilmiş ərazilərdən çəkilməyi tələb edən 874 saylı qətnamə qəbul etdi.

11 noyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası 884 saylı qətnamə qəbul etdi. Qətnamə Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləmiş, Zəngilan rayonu və Horadiz qəsəbəsindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edir.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.

1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.

Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələrə Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağlı Xudafərin körpüləri və Tunc dövrünə aid Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavanq monastırları, Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağarası və Xocalıda Tunc və Dəmir dövrünə aid kurqanlar daxildir.

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavırə (ATƏM) çərçivəsində başlamışdır. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında mümkün qədər tez bir zaman ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alındı.

12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olundu. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olundu. Budapeşt sammiti ATƏM-in fəaliyyətdə olan sədrinə silahlı münaqişənin dayandırılması üçün siyasi razılaşmanın əldə olunması məqsədilə danışıqlar aparmaq tapşırığı verdi. Sözügedən siyasi razılaşma münaqişənin nəticələrini aradan qaldırmalı və Minsk konfransının çağırılmasına imkan verməli idi.

23 mart 1995-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri Minsk prosesinin həmsədrlərinə mandat verdi. 2-3 dekabr 1996-cı il tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə etdi, lakin Ermənistan bu prinsipləri qəbul etmədi və ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət oldu.

Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi və Ermənistanı beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında münaqişənin bir dəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməsinə ümid bəsləyir.
Bir çox beynəlxalq təşkilat münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı çoxsaylı sənədlər qəbul etmişdir.

BMT Baş Assambleyanın 2008-ci il martın 14-də qəbul etdiyi qətnamə münaqişənin hüquqi, siyasi və humanitar aspektlərini əhatə edir və həlli prinsiplərini yenidən təsdiqləyir. Bu prinsiplər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş insanların öz doğma yurdlarına qayıtmaq hüququnu, hər iki icmanın Azərbaycanın tərkibində muxtar idarəetmə formasına malik ərazidə birgəyaşayış şərtlərinin təmin edilməsini və ərazilərin işğalı nəticəsində yaradılmış vəziyyətin qeyri-qanuniliyini vurğulayır.

Münaqişə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də dəfələrlə müzakirə edilib. Təşkilat beynəlxalq hüququn prinsip və normalarını rəhbər tutaraq, Azərbaycanın hərbi təcavüzə məruz qaldığını elan edib. Hələ 1993-cü ildə təşkilatın xarici işlər nazirlərinin Pakistanın Karaçi şəhərində keçirilən 21-ci iclasında qəbul edilən qətnamə Azərbaycana qarşı erməni təcavüzünü qınayır, erməni qoşunlarının işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılmasını tələb edir, Ermənistanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və münaqişənin dövlətlərin ərazi bütövlüyünə, sərhədləri toxunulmazlığına əsaslanan sülh yolu ilə, ədalətli həllinə çağırır. Növbəti qətnamələrdə təşkilat BMT Təhlükəsizlik Şurasını münaqişənin siyasi həlli prosesində fəal iştirak etməyə, qəbul olunmuş dörd qətnamənin icrasını tam təmin etməyə və Azərbaycan Respublikasına qarşı təcavüz aktının mövcudluğunu tanımağa çağırır.

2016-cı ildə İƏT-in İstanbulda keçirilən sammitində İƏT çərçivəsində “Ermənistan Respublikasının Azərbaycana təcavüzünə dair Təmas Qrupu” yaradılıb. Təmas Qrupunun tərkibinə 7 ölkə daxildir: Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Mərakeş, Cibuti, Qambiya.

Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına, tərəflərin ərazi bütövlüyünə, beynəlxalq sərhədlərinə hörmət göstərilməsinə və heç bir beynəlxalq legitimliyi olmayan, güc yolu ilə yaradılmış vəziyyətdən imtina edilməsinə çağırır. 2017-ci il noyabrın 24-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitində qəbul edilən birgə bəyannamədə Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməklə bu məsələdə qərarlı olduğunu nümayiş etdirib.

2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Aprel hadisələrindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından tamamilə azad olunub. Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları əsasında böyük bərpa və quruculuq işləri görülmüş, kənddə normal həyat bərpa olunmuşdur.
Ermənistan siyasi və hərbi təxribatlarını 2017-ci ildə də davam etdirib. Ermənistan hərbi hissələri ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutub. Nəticədə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2 mülki şəxs qətlə yetirilmiş, bir nəfər isə ağır yaralanmışdır.

Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olur, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu qorumağa çalışır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq… Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində… heç bir güzəşt olmayacaq”.

İşğal olunmuş ərazilər:

Dağlıq Qarabağ
Ərazisi – 4388 km2
Əhalisi (1989) – 189.085

Dağlıq Qarabağın Şuşa rayonu

Ərazisi – 312 km2
Əhalisi – 20.579
Azərbaycanlılar – 19.036 (92,5%)
Ermənilər – 1.377 (6,7%)
İşğal olunmuşdur – 8 may 1992-ci il

Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş rayonlar:

Laçın rayonu – 18 may 1992-ci il
Kəlbəcər rayonu – 2 aprel 1993-cü il
Ağdam rayonu – 23 iyul 1993-cü il
Füzuli rayonu – 23 avqust 1993-cü il
Cəbrayıl rayonu – 23 avqust 1993-cü il
Qubadlı rayonu – 31 avqust 1993-cü il
Zəngilan rayonu – 29 oktyabr 1993-cü il

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq və regional təşkilatların sənədləri

 

 

İKİNCİ QARABAĞ MÜHARİBƏSİ

 

44 gün davam edən İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi və ya Ermənistanı sülhə məcburetmə əməliyyatı  — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında 27 sentyabr 2020 tarixində başlamış və 10 noyabr 2020-ci il tarixində Ermənistanın təslim olmağı ilə bitmişdir. Bu, 1994-cü ildə imzalanmış atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

27 sentyabr tarixində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində bir neçə kənd və Murov dağı silsiləsindəki Murov zirvəsi işğaldan azad olunmuşdur. Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülmüşdür. Ordumuz oktyabrın 3-ü Maqadiz də daxil olmaqla Füzuli, Cəbrayıl, Tərtərin toplam 8 kəndini işğaldan azad etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Maqadizin tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmışdır. Oktyabrın 4-ü Cəbrayıl şəhəri daxil olmaqla Cəbrayılın 8 kəndi, oktyabrın 5-i daha 3 kənd, oktyabrın 9-u strateji əhəmiyyətli Hadrut qəsəbəsi ilə birlikdə Füzuli, Cəbrayıl, Tərtər və Xocavəndin ümumi 8 kəndi erməni işğalından azad edilmişdir.

Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı münaqişəni kəskin şəkildə qınamış və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Əfqanıstan, Ukrayna, Pakistan, İsrail, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir.

Oktyabrın 9-da Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri Moskvada görüş keçirmişlər, 11 saatlıq görüş nəticəsində tərəflər arasında humanitar atəşkəs barədə aşağıdakı razılığa gəlinib.

  • 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur.
  • Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
  • Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
  • Tərəflər danışıqlar prosesinin formatının dəyişməz olduğunu təsdiq edirlər.

Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, atəşkəsdən dərhal sonra, 10 oktyabr gecə 02:00-də Erməni Silahlı Qüvvələri Ermənistanın Berd rayonunda yerləşən mövqelərindən müharibənin getdiyi münaqişə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni Skad ballistik raketlərindən atəşə tutmuşdur. Raket insanlar yaşayan binaya tuş gəlmiş və onu tamamilə dağıtmışdır. Hücum nəticəsində şəhərdəki infrastruktura mühüm ziyan dəymişdir. Ümumilikdə, 31 mənzil tamamilə dağıdılmış, hadisə yerində və onun yaxınlığındakı obyektlərə və avtomobillərə ciddi ziyan dəymişdir.Hücumdan ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil təsirlənmişdir. Ermənistan hücum üçün məsuliyyəti inkar etmişdir. Hücum nəticəsində 10 nəfər həyatını itirmiş və 40 nəfər yaralanmışdır. Qurbanlar arasında qadınlar və uşaqlar da var idi.

Bu Gəncədə mülki əhalini hədəf alan sayca 3-cü raket hücumu idi. İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin həlak olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 8 oktyabrda baş vermişdir. Hücum nəticəsində həlak olan və yaralanan olmamışdır.

Gəncə ilə yanaşı erməni silahlı qüvvələri sentyabrın 27-də Naftalanda mülki əhalini hədəf alaraq top atəşi nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfərdən ibarət ailəni məhv etmişdir. Həmin tarixlərdə Tərtər və Beyləqana da top və artilleriya atəşi nəticəsində mülki əhali həlak olmuş və yaralanmış, mülki obyektlərə xeyli ziyan dəymişdir. Mülki əhali ilə bərabər strateji əhəmiyyətli obeyktləri də hədəf alan erməni silahlı qüvvələri Oktyabrın 4-də Xızıya iki ədəd 300 km orta mənzilli raket atmış, su anbarı və əsas elektrik stansiyası yerləşən Mingəçevirə, oktyabrın 6-da isə regionun ən böyük strateji layihəsi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirmişdir.  Raketlər Azərbaycan Hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilmişdir.

Döyüş bölgəsində uğurlu hərbi əməliyyatları davam etdirən Azərbaycan ordusu oktyabrın 14-ü Füzuli və Xocavəndin toplam 8 kəndini, oktyabrın 15-i Füzuli, Xocavənd və Cəbrayılın 6 kəndini, oktyabrın 16-sı Xocavəndin 3 kəndini, oktyabrın 17-si isə Füzuli şəhərini və 7 kəndini işğaldan azad etmişdir.

17 oktyabrda, təxminən yerli vaxtla 01:00-da  Erməni Silahlı Qüvvələri Skad ballistik raketləri ilə Gəncəni atəşə tutdular. Ballistik raketlər əhalinin sıx yaşadığı əraziyə atılmışdır. Bu zaman xeyli sayda müxtəlif yaşayış evləri və digər tikililər ziyan görmüşdür. İlk raket şəhər binasından cəmi 2 km uzaqlığa düşmüş, ikinci raket isə şəhərin qərbində olan Kəpəz bölgəsinə düşmüşdür. Azərbaycan Respublikasının axtarış və xilasetmə komandaları, Azərbaycan Müdafiə Nazirliyinin işçiləri hadisə yerinə gəlmiş və dağıntılar altında qalan şəxsləri olduqları yerdən çıxarmağa başlamışdırlar. Ermənistan hücumun onun tərəfindən edildiyini inkar etmişdir.

Hücum nəticəsində 14 nəfər həlak olmuş, 48 nəfər yaralanmışdır

 

Parisin vasitəçilik səyləri ilə Azərbaycan və Ermənistan tərəfi 18 oktyabr, yerli vaxtla saat 00:00-dan etibarən növbəti ikinci müvəqqəti humanitar atəşkəsə razılıq verir. Bu qərar ATƏT-in Minsk Qrupu həm-sədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həm-sədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilmişdir. Cəmi bir neçə dəqiqə sonra Ermənistan tərəfi atəşkəsi növbəti dəfə kobud şəkildə pozmuşdur.

Düşmənə cavabını döyüş meydanında verən Azərbaycan Silahlı Qüvvələri  oktyabrın 18-də Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını  qaldırmış, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı şəhərləri daxil olmaqla 19-25 oktyabr tarixlərində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavəndin toplam 107 kəndini işğaldan azad etmişdir.

Oktyabrın 25-də ABŞ, Azərbaycan və Ermənistan hökumətləri birgə bəyanat yayaraq 26 oktyabr yerli vaxtla səhər saat 8:00-da növbəti humanitar atəşkəsin qüvvəyə mindiyini elan etdilər. Bu dəfə ABŞ-ın təşəbbüsü ilə əldə olunan atəşkəs Oktyabrın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələrinin Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutması ilə növbəti dəfə pozuldu.

Döyüş meydanında məğlub olduğunu görən erməni silahlı qüvvələri mülki əhaliyə qarşı oktyabrın 28-i növbəti terror hücumunu həyata keçirdi. Bu dəfə düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində   21 nəfər həlak oldu, 8-i uşaq 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Ümumilikdə müharibənin  başladığı 27 sentyabr tarixindən 9 noyabr tarixinə kimi erməni silahlı qüvvələrinin Tərtər, Gəncə, Bərdə, Goranboy, Ağdam, Füzuli, Naftalan ərazilərinə hücumu nəticəsində 93 nəfər dinc sakin həlak olmuş, 407 nəfər yaralanmış, 3326 yaşayış evi, 120 çoxmənzilli bina və 504 mülki obyekt yarasız vəziyyətə düşmüşdür.

Torpaqları erməni işğalından azad etməyə davam edən müzəffər ordumuz 28 oktyabrda 13 kəndi, 30 oktyabrda 9 kəndi, 5 noyabrda 7 kəndi, 7 noyabr tarixində isə 16 kəndi azad etməyə nail olmuşdur. Noyabrın 8-i Ali Baş Komandan İlham Əliyev şəhidlər xiyabanından xalqa müraciət edərək Şuşa şəhərinin ermənilərdən azad edildiyini bəyan etmişdir. Ayın 9-u Xocalı və Laçının kəndləri də daxil olmaqla daha 71 kənd, 1 qəsəbə və 8 yüksəkliyin işğaldan azad edilməsi Ermənistanı təslim  olmağa məcbur etmişdir. Noyabrın 10-u gecə saat 01:00-da  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə bəyənat imzalamışlar. Bəyanatın mətni:

  1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.
  2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
  3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
  4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
  5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
  6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
  7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
  8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
  9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Beləliklə, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatmışdır.

Yaşasın Azərbaycan ordusu!

Qarabağ Azərbaycandır!

İşğaldan azad olunmuş ərazilərin tam siyahısı

 

 

 

 

Istinadlar:

Vikipedia Azərbaycan – https://az.wikipedia.org/wiki/Ana_S%C9%99hif%C9%99

Azərbaycan Respublikası Müdafiə Nazirliyi – https://mod.gov.az/

Azərbaycan Respublikası Baş Prokurorluğu  https://genprosecutor.gov.az/

https://president.az/

 

 

Azərbaycan Respublikasi Nazirlər Kabinetinin rəsmi internet səhifəsi www.cabmin.gov.az